İslam həmrəyliyi ilinə töhfə

Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarı ilə Şərqin görkəmli söz ustadı Hafiz Şirazinin qəzəlləri Azərbaycan dilində nəşr olunub. Universitetdən "Olaylar" - a bildirilib ki, türkə və türklüyə xüsusi məhəbbəti ilə seçilən ölməz sənətkarın qəzəlləri ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim olunur. Qeyd edək ki, Hafiz Şirazinin əsərləri hələ orta çağda dünyaya yayılmış, əlyazma nüsxələri dünyanın ən mötəbər kitabxanalarında qiymətli sənət nümunələri kimi qorunur. Azərbaycanda da bütün zamanlarda bu böyük sənətkara xüsusi məhəbbət və rəğbətlə yanaşılmış, onun irsi öyrənilmiş, şeirlərinə nəzirələr yazılıb. Yeri gəlmişkən qeyd edək ki, şairin əsərlərini ilk dəfə toplayıb divan şəklinə salan da orta çağ Azərbaycan şairi Şah Qasım Ənvər (1494-cü ildə vəfat etmişdir) olub.

Bu kitab Azərbaycan Respublikasında Hafiz yaradıcılığı ilə bağlı boşluğu müəyyən qədər dolduracaq. Kitabı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyev çapa hazırlayıb. Nəşrin üstünlüyü ondan ibarətdir ki, burada hər bir qəzəlin sonunda farsca-ərəbcə sözlərin lüğəti verilərək, geniş şərh yazılıb. Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva kitaba rəy vermişdi. Kitabın elmi redaktoru, fil.ü.e.d., professor Rafiq Novruzovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31