“Rosatom”: Rusiya məhdudiyyətlərə baxmayaraq ABŞ-yə uran tədarükünü davam etdirir – ÖZƏL
14:23 DünyaOlaylar.az xəbər verir ki, "Rosatom" dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində jurnalistlərə bildirib ki, Bayden administrasiyası tərəfindən qəbul edilmiş məhdudlaşdırıcı qanuna baxmayaraq, şirkət son illərdə ABŞ-yə uran tədarükü parametrlərini qoruyub saxlayır.
Lixaçovun sözlərinə görə, 2024-cü ildə qəbul edilən və 2028-ci ildən etibarən Rusiya təbii uranının ABŞ bazarına idxalını tamamilə qadağan edəcək qanuna rəğmən, nüvə yanacağı dövriyyəsi məhsullarının ciddi həcmdə tədarükü davam edir. Şirkət rəhbəri 2027-ci il üçün də eyni perspektivin gözlənildiyini və ABŞ-nin öz qadağalarından istisnalar edərək Rusiyadan uran tədarükünə birdəfəlik icazələr verdiyini qeyd edib. O, bu mövzunun müzakirə edilərək həll olunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, 12 ölkənin rəhbərlərinin iştirakı ilə Şençjendə keçirilən APEC Biznes Sammitinin yekununda Şençjen Təşəbbüsü sənədi qəbul ediləcək və 18-19 noyabr tarixlərində baş tutacaq təşkilat liderlərinin 33-cü qeyri-rəsmi görüşünə təqdim olunacaq.