Rusiya NATO-nun 1997-ci il sərhədlərinə çəkilməsini istəyir - KİV
15:09 DünyaRusiya Prezidenti Vladimir Putin NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etmək niyyətindədir.
Bu barədə "The Telegraph" qəzeti yazır.
Nəşrin məlumatına görə, Kreml Ukrayna ilə bağlı sülh danışıqlarından Şərqi Avropada NATO-nun hərbi mövcudluğunun azaldılmasına nail olmaq üçün istifadə etməyi planlaşdırır.
Moskva danışıqlara Avropa ölkələrinin də cəlb olunmasını təklif edir. Qərb diplomatlarının iddiasına görə, bunun arxasında NATO qoşunlarının və silahlarının Polşa, Latviya, Litva, Estoniya və Finlandiyadan çıxarılmasına nail olmaq niyyəti dayanır.
Daha geniş mənada bu tələblər 1997-ci ildən sonra NATO-ya üzv olmuş 32 ölkədən 16-sini əhatə edir.
Qərb diplomatları bu cür güzəştlərin mümkün olmadığını bildirirlər. Onların qiymətləndirməsinə görə, Kremlin tələbləri noyabrda keçirilməsi gözlənilən Ukrayna ilə bağlı danışıqların perspektivlərini sual altına alır.
Moskva oxşar şərtləri hələ 2021-ci ilin dekabrında, Ukraynaya qarşı genişmiqyaslı işğala başlamazdan qısa müddət əvvəl də irəli sürmüşdü.