Ermənistan Baş nazirinin Protokol xidmətinin rəhbərini işdən çıxarması hökumətdə gərginlik yaradıb – ÖZƏL
11:17 DünyaOlaylar.az xəbər verir ki, "Joxovurd" qəzetinin mənbələrinə istinadən verdiyi məlumata görə, Baş nazir Nikol Paşinyanın Dövlət Protokolu Xidmətinin rəhbəri Qagik Vanoyanı vəzifədən azad etmək qərarı Ermənistan hökumətində təəccüb və gərginliyə səbəb olub. Məlumata görə, COP-17 iqlim konfransı çərçivəsində İrəvana gələn Sadır Japarovu mətbuata təqdim edərkən Paşinyan çıxış mətnindəki mexaniki səhv səbəbindən onu bir neçə dəfə Qazaxıstan prezidenti kimi təqdim edib.
Bu diqqətsizliyi Protokol xidmətinin qüsuru hesab edən Baş nazir tədbirdən dərhal sonra narazılığını bildirərək Vanoyanı işdən çıxarıb. Mənbələr Vanoyanı işinə məsuliyyətlə yanaşan kadr kimi xarakterizə edir və belə bir kiçik xətaya görə onun vəzifədən kənarlaşdırılmasının böyük sürpriz olduğunu qeyd edirlər. 2022-ci ilin dekabrından bu postu tutan Qagik Vanoyan, həmçinin Ermənistan Gimnastika Federasiyasının prezidentidir.