BMT-nin Ərzaq Proqramı vəsait qıtlığı səbəbindən Qəzzaya yardımları ixtisar edir – ÖZƏL
14:14 DünyaOlaylar.az xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) maliyyə çatışmazlığı üzündən Qəzza zolağında həyata keçirdiyi humanitar fəaliyyətin həcmini təxminən üçdəbir nisbətində azaldır. Bu qərar nəticəsində 500 minə yaxın fələstinli ərzaq yardımından məhrum olacaq. Oktyabr ayından etibarən yardımdan faydalananların sayı 1.6 milyondan 1.1 milyona endirilib, ərzaq paylarının həcmi yarıbayarı azaldılıb, gündəlik paylanan isti yeməklərin sayı isə 250 mindən 150 minə düşüb.
Təşkilatın növbəti altı ay ərzində Qəzza və İordan çayının qərb sahilində fəaliyyətini davam etdirə bilməsi üçün təcili olaraq 450 milyon dollar əlavə vəsaitə ehtiyacı var.
Məlumata görə, Qəzza əhalisinin 67%-i (təxminən 1.4 milyon nəfər) kəskin ərzaq qıtlığı ilə üz-üzədir, 200 min nəfər isə fövqəladə vəziyyətdə yaşayır. Qış fəslinin yaxınlaşması fonunda humanitar yardımların kəsilməsi regiondakı acınacaqlı vəziyyəti daha da ağırlaşdıra bilər.