Şalva Papuaşvili: Xarici müdaxilə demokratik proseslərə və suverenliyə əsas təhdiddir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Romada Avropa Şurasına üzv ölkələrin parlament sədrlərinin konfransında çıxış edərək bildirib ki, öz vətəndaşlarına cavabdeh olmayan və milli maraqlara uyğun hərəkət etməyən demokratiya hər hansı xarici təhlükədən əvvəl artıq zəif mövqedədir. Onun sözlərinə görə, dezinformasiya, kiberhücumlar, gizli maliyyələşmə və xarici müdaxilə kimi hibrid təhdidlər bir-birini gücləndirərək demokratik təsisatlara olan inamı sarsıtmağa yönəlib. Bu vasitələr arasında xüsusilə seçkilər və siyasi qeyri-sabitlik dövründə intensivləşən xarici informasiya manipulyasiyaları daha böyük təhlükə yaradır.

Papuaşvili xüsusilə gizli xarici maliyyələşmənin suverenliyə ciddi zərər vurduğunu, daxili siyasi qüvvələri maliyyələşdirən xarici aktorların cəmiyyətdə parçalanmanı və siyasi qütbləşməni dərinləşdirdiyini vurğulayıb. O qeyd edib ki, ABŞ, Böyük Britaniya, Fransa, Kanada və Avstraliya kimi bir çox ölkələr də artıq şəffaflıq və xarici maliyyələşməni tənzimləyən qanunvericiliyi sərtləşdirirlər. Qanunvericiliyin şəffaflaşdırılması demokratik dəyərlərdən geri çəkilmək deyil, əksinə onları qorumaq üsuludur.

Spiker əlavə edib ki, dost və ya düşmən olmasından asılı olmayaraq, hər bir xarici müdaxilə xalqın azadlığını məhdudlaşdırmağa yönəldiyi üçün düşmənçilik əməlidir. Bu problemi həll etmək üçün suverenlik, hesabatlılıq və razılıq prinsiplərinə əsaslanan vahid beynəlxalq şəffaflıq standartının hazırlanması vaxtı çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31