Məhkəmə Robert Koçaryanın həbs qətimkan tədbirini dəyişmədi – ÖZƏL
13:22 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Apellyasiya Məhkəməsi ölkənin ikinci prezidenti Robert Koçaryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkillərinin vəsatətini rədd edib. Bu barədə onun vəkili Aram Orbelyan məlumat verib.
Vəkilin sözlərinə görə, qərar əvvəlki müraciətlərdə olduğu kimi ümumi və formal əsaslandırmalarla qəbul edilib. O, Koçaryanın ittiham olunduğu epizodlardan biri üzrə müddətin təxminən 20 il əvvəl başa çatdığını, oğlu Sedrak Koçaryanla bağlı epizod üzrə isə bu müddətin təxminən 15 il əvvəl bitdiyini bildirib. Orbelyan qərardan Kassasiya Məhkəməsinə şikayət verəcəklərini açıqlayıb.
Xatırladaq ki, Robert Koçaryan avqustun 25-də əmlakın qanunsuz əldə edilməsi işi üzrə saxlanılıb, avqustun 27-də isə iki ay müddətinə həbs edilib. İstintaqın iddiasına görə, o, prezidentliyi dövründə vəzifə səlahiyyətlərindən istifadə edərək bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib. İş üzrə Koçaryanın oğlu Sedrak da həbsdədir.