3 min il əvvəl yaşamış adamın üzü bərpa edildi

Alim Kristofer Rinn rəqəmsal texnologiyalar vasitəsilə təxminən 3 min il əvvəl müasir Ekvador ərazisində - And dağlarında yaşamış kişinin üz cizgilərini bərpa edib.

Musavat.com xəbər verir ki, rekonstruksiya hələ 1970-ci illərdə Çimboraso əyalətindəki dərədə tapılmış və "Punin-2" adı ilə tanınan kəllə sümüyü əsasında aparılıb.

Kəllə sümüyünün fiziki analizi göstərir ki, həmin şəxs təxminən 50 yaşında vəfat edib.

Rinnin sözlərinə görə, o, əcdadları Şimali Sibir və Şərqi Asiyadan gəlmiş qədim əhali qrupuna mənsub olub.

"Punin-2" öndən Şərqi Asiya kəllə sümüyünə bənzəsə də, profildən baxdıqda ondan tamamilə fərqlənir.

Bərpa prosesi üçün Rinn rəqəmsal üsullardan istifadə edib, kəllə sümüyünü qismən mum vasitəsilə tamamlayıb və üzün yumşaq toxumalarının orta qalınlığı barədə məlumatları tətbiq edib.

Tədqiqatçı eyni zamanda, Çimboraso rayonunun müasir sakinlərindən - böyük ehtimalla həmin qədim kişinin nəslindən olan insanlardan kömək istəyib.

Onlar üzün bərpası zamanı saç düzümünün xüsusiyyətlərini və gözlərin mövqeyini dəqiqləşdirməyə kömək ediblər. Rinnin bildirdiyinə görə, saç forması xüsusilə böyük əhəmiyyət kəsb edirdi:

"Saç düzümü çox spesifikdir. Əgər o yanlış işlənsə, insan başqa bir qəbilənin nümayəndəsinə bənzəyər".

Yekun rekonstruksiyada yalnız kəllə sümüyünün anatomik xüsusiyyətləri deyil, həm də regionun müasir sakinlərinin xarici görünüşü nəzərə alınıb. Ehtimal olunur ki, onlar "Punin-2"nin mənsub olduğu xalqın antropoloji cizgilərini, mədəni ənənələrini və saç düzümü xüsusiyyətlərini bu günədək qoruyub saxlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31