Türkiyənin tanınmış mafiya lideri lüks restoranda GÜLLƏLƏNDİ - Helikopterlər HAVAYA QALDIRILDI

Türkiyədə törədilən cinayətlər və dəstə qarşıdurmaları ilə tanınan, "Çingene Ümit" ləqəbli Ümit Yalçın İspaniyanın Malaqa şəhərində lüks bir restoranda məruz qaldığı silahlı hücum zamanı üzündən ağır yaralanıb.

Musavat.com xəbər verir ki, hücumdan sonra qaçan iki şübhəlinin yaxalanması üçün İspaniya polisi helikopter dəstəyi ilə genişmiqyaslı əməliyyat başladıb.

Hadisə Malaqanın ən gur yerlərindən biri olan "Muelle Uno" ticarət mərkəzindəki "Lounge Bar Plaza" adlı restoranda baş verib. Bir neçə gün əvvəl bölgədəki hotellərdən birinə yerləşdiyi öyrənilən Ümit Yalçın dostları ilə birlikdə lüks avtomobili ilə əraziyə gələrək maşınını qapalı dayanacağa qoyub. Daha sonra dostları ilə restoranın açıq terasına keçən Yalçın yemək yediyi vaxt pilləkənlərlə yuxarı qalxan iki maskasız şəxsin hədəfi olub.

Hücumçular Yalçına ard-arda atəş açıblar.

Üzündən aldığı güllə yarasından ağır yaralanan Yalçına ilkin tibbi yardımı restoran işçiləri göstərib və o, dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Təhlükəsizlik kameralarını nəzərdən keçirən polis əməkdaşları hücumdan sonra liman sahilindən qaçaraq Malaqa parkındakı ağaclıq əraziyə daxil olan şübhəliləri axtarmağa başlayıb.

"Genç Fenerbahçeliler" (GFB) qrupunun qurucularından olan Ümit Yalçının adı illərdir müxtəlif cinayət hadisələrində hallanır. 2016-cı ildə Bağçılar, Bağçılıqevlər, Güngörən və Zeytinburnu xəttində narkotik ticarəti zəminində baş verən qarşıdurmada onun yanında olan Orhan Korkmaz öldürülüb, ardından qatil U.L.-nin öldürülməsi ilə tərəflər arasında qan davası başlayıb. 2017-ci ildə bu qan davası nəticəsində Orhan Korkmazın qardaşı Barış Korkmaz da silahlı hücumda həyatını itirib.

2019-cu ildə həbsxanada olarkən narkotik şəbəkəsini idarə etdiyi irəli sürülən Yalçının qrupuna qarşı keçirilən əməliyyatda 44 nəfər saxlanılıb və zirehli jiletləri dəşə bilən xüsusi patronlar ələ keçirilib. 2021-ci ildə isə Yalçının qrupu ilə xaricə qaçan "Max" ləqəbli Mehmet Sabri Şirinin qrupu arasında narkotik sahəsində hakimiyyət uğrunda qarşıdurma hazırlığı aşkar edilərək əməliyyat keçirilib.

İstintaqlardan sonra 2024-cü ildə xaricə qaçan Yalçın 2025-ci ildə Egey və Avropa xəttində itdiyi iddia edilən 600 kiloqram kokain hadisəsi ilə gündəmə gəlib. Onun beynəlxalq mafiya qrupu tərəfindən qaçırılaraq girov saxlandığı və işgəncə gördükdən sonra yaralı halda buraxıldığı irəli sürülüb. İspaniyadakı bu hadisədən sonra "Şirinlər", "Casperlar" və "Çirkinlər" qrupları ilə ittifaq qurduğu iddia edilən Yalçının 2025-ci ilin avqust ayında "Daltonlar" dəstəsinin rəhbərlərindən Caner Koçerin öldürülməsi hadisəsinə görə "Daltonlar" qruplaşması tərəfindən hədəf alındığı qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31