İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq
11:17 Dünyaİstanbulda boyun və kürək ağrılarından şikayət edən bir şəxs özünü terapevt kimi təqdim edən Şenol Karataşın yanına gedib. Boyun nahiyəsinə edilən müdaxilədən sonra vəziyyəti pisləşən kişi xəstəxanada həyatını itirib.
Milli.Az xəbər verir ki, hadisə İstanbulun Beyoğlu rayonunda baş verib.
Məlumata görə, Berat Topay ağrıları ilə bağlı daha əvvəl də tanıdığı Şenol Karataşın yanına müraciət edib. Karataş masaj zamanı onun boynunu kütlədib. Müdaxilədən sonra Topay özünü pis hiss etdiyini bildirib. Vəziyyəti qısa müddət ərzində daha da ağırlaşıb və o, huşunu itirib.
Yaxınlarının çağırışı ilə hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib. Topay xəstəxanaya çatdırıldıqdan sonra onun ürəyinin dayandığı müəyyən edilib. Həkimlərin müdaxiləsi ilə ürəyi yenidən işə salınan və intubasiya edilən şəxs reanimasiyaya yerləşdirilib.
Lakin bütün tibbi müdaxilələrə baxmayaraq, Berat Topay həyatını itirib.
Hadisə ilə bağlı Şenol Karataş saxlanılıb. O, ifadəsində bir neçə ildir masaj və hicama ilə məşğul olduğunu, masörlük kursu üzrə sertifikatının olduğunu bildirib. Karataş Topayın vəziyyətinin niyə pisləşdiyini bilmədiyini və ona zərər vermək niyyətinin olmadığını deyib. O, daha sonra "Təqsirlə ölümə səbəb olma" və 1219 saylı qanuna zidd hərəkət etmə maddələri ilə bağlı həbs edilib.
Mütəxəssislər isə boyun nahiyəsinə nəzarətsiz və sərt müdaxilələrin ciddi risklər yarada biləcəyini bildirirlər. Türkiyə Fizioterapevtlər Dərnəyinin rəhbəri Kenan Zafer Aksungur belə müdaxilələrin lazımi müayinə aparılmadan həyata keçirilməsinin iflic və hətta ölüm kimi ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu cür prosedurlar müvafiq təhsil və ixtisasa malik həkim və ya fizioterapevt tərəfindən aparılmalıdır.