Şalva Papuaşvili Aİ-nin Gürcüstan siyasətinin çıxılmaz yerə dirəndiyini bildirib – ÖZƏL
11:39 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının BMT-dəki nümayəndəsinin bəyanatına münasibət bildirərək Brüsselin ölkəyə qarşı siyasətinin çıxılmaz vəziyyətə düşdüyünü vurğulayıb. Onun sözlərinə görə, Aİ rəsmilərinin "qanunsuz həbslər" və "repressiyalar" barədə fikirləri dezinformasiyadır və reallıqla üst-üstə düşmür. Papuaşvili qeyd edib ki, 2024-cü ildə xaricdən maliyyələşdirilən inqilab cəhdi və hakimiyyəti devirmək planları iflasa uğrayıb, Brüssel isə hələ də öz yalan illüziyalarından çıxa bilmir. O, münasibətlərin normallaşması üçün Aİ-ni təcavüzkar ritorikadan əl çəkməyə və Gürcüstanın suverenliyinə hörmətlə yanaşmağa çağırıb.
Qeyd edək ki, Aİ-nin BMT-dəki nümayəndə müavini Mişel Servone d'Urso BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında Gürcüstanda məhkəmə sistemindən siyasi məqsədlərlə istifadə olunmasından və vətəndaş cəmiyyətinə qarşı repressiv tədbirlərdən narahatlıq ifadə edib.