Ermənistanlı hüquqşünas Ruben Vardanyan haqqında çıxarılan hökmdəki qanunsuzluqlardan danışıb – ÖZƏL
11:37 DünyaOlaylar.az xəbər verir ki, Beynəlxalq hüquq mütəxəssisi Taron Simonyan Bakıda həbsdə olan Ruben Vardanyanın məhkəmə hökmünün ingiliscə tərcüməsini şərh edərək sənəddə çoxlu hüquqi ziddiyyətlərin və peşəkar qüsurların olduğunu bildirib. Onun sözlərinə görə, hökmdə Vardanyanın əvvəllər məhkum olunmadığı qeyd edilsə də, cəza təyin edilərkən cinayətin təkrar olunması ağırlaşdırıcı hal kimi götürülüb. Həmçinin ittiham olunmadığı maddə üzrə azadlıqdan məhrum etmə cəzasının verildiyi, iddia edilən bəzi maddələrin iddia müddətinin bitməsinə baxmayaraq cəza təyin olunduğu və ifadə verməkdən imtina hüququnun təqsirlilik sübutu kimi təqdim edildiyi vurğulanıb. Hüquqşünas bildirib ki, 1988-2022-ci illər arasında baş verən hadisələrin və xeyriyyəçilik fəaliyyətinin cinayət tərkibi kimi qələmə verilməsi hüquqa ziddir və bu pozuntular Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Azərbaycanın əleyhinə qərar çıxarılması üçün kifayət edir.
Simonyan həmçinin ABŞ-nin Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının (USCIRF) 2026-cı il hesabatına istinad edərək erməni məhbusların dini hüquqlarının pozulması barədə məlumatların beynəlxalq sənədlərdə əks olunduğunu qeyd edib. O, Ermənistan hakimiyyətinin məhbuslar məsələsində qeyri-müəyyən mövqe tutmasını və beynəlxalq hüquqi mexanizmlərdən yetərincə istifadə etməməsini tənqid edib.