Fransada Renuarın muzeyindən 4 rəsm oğurlanıb

Fransız impressionist rəssam Ogüst Renuarın Fransanın cənubunda, Nitsa yaxınlığındakı Kan-sür-Mer kommunasında yerləşən muzeyindən naməlum şəxslər dörd rəsm əsərini oğurlayıblar.

Bu barədə "TF1" telekanalı mənbəyə istinadən məlumat yayıb.

Cinayətkarlar çərşənbə axşamı səhər tezdən muzeyə daxil olublar. Kanalın məlumatına görə, yerli vaxtla saat 06:00 radələrində (Bakı vaxtı ilə 08:00) siqnalizasiya işə düşdükdən sonra polisə məlumat verilib.

Müşahidə kameralarının görüntülərinə baxan istintaqçılar iki soyğunçunun rəsm əsərlərini çərçivələrdən kəsib çıxardığını müəyyən ediblər. İlkin məlumata görə, dörd əsər oğurlanıb, lakin onların adları hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, son illərdə Fransa muzeyləri dəfələrlə irimiqyaslı oğurluqların hədəfinə çevrilib. Xüsusilə, 2025-ci ilin oktyabrında cinayətkarlar Luvr muzeyindən Fransa monarxlarına məxsus kolleksiyadan zərgərlik məmulatlarını oğurlayıblar. Bir neçə saat sonra isə Fransanın şərqindəki Lanqr şəhərində yerləşən "Denis Didro Maarif Evi" muzeyi qarət edilib və buradan qızıl və gümüş sikkələrdən ibarət kolleksiya oğurlanıb. Bu hadisələrdən sonra ölkənin Daxili İşlər Nazirliyi muzeylər və mədəni irs obyektləri ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31