1400-dən çox klinika abortdan imtina etdi - Qonşu ölkədə kilsənin çağırışına dəstək
10:18 DünyaRusiyanın 30-dan çox regionunda abort həyata keçirməkdən imtina edən özəl klinikaların sayı artaraq 1,4 mini ötüb.
Musavat.com xəbər verir ki, Rus Pravoslav Kilsəsinin Ailə, Analıq və Uşaqlığın Müdafiəsi üzrə Patriarx Komissiyasının sədri, keşiş Fyodor Lukyanovun sözlərinə görə, ölkədə artıq 1468 özəl klinika abort həyata keçirməkdən könüllü şəkildə imtina edib.
Bu proses Rusiyanın 30-dan çox regionunu əhatə edir və belə tibb müəssisələrinin sayının artmaqda davam etdiyi bildirilir.
Müqayisə üçün, iyun ayında Rus Pravoslav Kilsəsi abortdan könüllü imtina edən özəl klinikaların sayının 1402 olduğunu açıqlamışdı. Son göstəriciyə əsasən, onların sayı daha 66 klinika artaraq 1468-ə çatıb.
Bununla yanaşı, Rusiyanın müxtəlif regionlarında qadınların abort etdirməyə sövq edilməsinə qarşı qanunvericilik tədbirləri də görülür. Lukyanov daha əvvəl ölkənin 31 regionunda bu istiqamətdə müxtəlif formalarda qanunların qəbul edildiyini bildirmişdi.
Rus Pravoslav Kilsəsi uzun müddətdir abortların sayının azaldılmasına və hamiləliyin qorunmasına yönəlmiş tədbirləri dəstəkləyir.
Lukyanov kilsənin məsələyə münasibətini belə ifadə edib:
"Abort strategiya deyil, seçim deyil, heç yerə aparmayan yoldur".