Moskvada GİZLİ SƏFƏRBƏRLİK - İnsanları döyüb müqaviləyə İMZA LATDIRIRLAR
10:55 DünyaRusiyada Ukraynaya qarşı müharibə üçün gizli səfərbərlik təcrübəsi sürətlə genişlənir.
Musavat.com xəbər verir ki, "The Moscow Times"ın məlumatına görə, son ay yarım ərzində Rusiyanın ən azı 17 regionunun sakinləri qanunsuz saxlanılma, döyülmə və Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edilmə barədə şikayətlər ediblər.
Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, məcburi çağırışların və təzyiqlərin hədəfi əsasən cəmiyyətin həssas təbəqələridir.
Şikayətlərdə "ov"un daha çox qanunla, spirtli içki və ya narkotiklə problemi olan, psixi sağlamlıq imkanları məhdud, fiziki qüsuru bulunan, tənha və ya yaşlı kişilərə qarşı aparıldığı bildirilir.
Arxangelsk vilayətində bir nəfərin küçədə spirtli içki qəbul etdiyi üçün saxlanılaraq birbaşa cəbhəyə göndərildiyi, Omskda bir kişinin iş yerindən aparılaraq məcburi imza etdirildiyi, Udmurtiyada isə psixi xəstəliklər üzrə qeydiyyatda olan şəxsin siyahıdan çıxarılaraq Ukraynanın Donetsk vilayətinə göndərildiyi qeyd olunur.
"İdite lesom" təşkilatının rəhbəri Qriqori Sverdlin bildirib ki, Rusiya hakimiyyətinin könüllü müqavilə bağlayan tapmaqda çətinlik çəkməsi səbəbindən borcu olan, istintaq altında qalan və ya sürücülük hüququndan məhrum edilən şəxslərə təzyiqlər kəskin artıb.
"The Guardian"ın məlumatına görə, Rusiya ordusu hər ay 30 minə yaxın hərbçi itirir. Qərb kəşfiyyatı və CSIS təhlilçiləri iyulun 1-nə olan məlumata görə Rusiyanın ümumi itkilərinin 1.4 milyon nəfərə çatdığını və ölkədə yeni səfərbərlik dalğasına hazırlıq təlimlərinin keçirildiyini bildirirlər.