Yeni parlamentin yaradılması Qazaxıstanın gələcək inkişafından xəbər verir – TDT Baş katibinin müavini

Yeni Konstitusiyaya uyğun olaraq yeni parlamentin yaradılması Qazaxıstanın gələcək inkişafının göstəricisi və sübutudur.

Bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Nuru Quliyev brifinqdə bildirib.

"Seçki məntəqələrinə baş çəkdikdən sonra gördük ki, Mərkəzi Seçki Komissiyasından aldığımız məlumatlar yerlərdə baş verənlərlə tamamilə üst-üstə düşür. Biz seçkilərin qanunvericiliyə və müəyyən edilmiş qaydalara uyğun keçirildiyini, prosesin özünün isə demokratik və şəffaf olduğunu müşahidə edirik", - deyə o bildirib.

Quliyev qeyd edib ki, TDT nümayəndə heyəti bir neçə mühüm məqama diqqət yetirib.

"Birincisi, əlilliyi olan vətəndaşların seçki məntəqələrinə maneəsiz şəkildə çatmaq imkanının yaradılmasıdır. Ziyarət etdiyimiz bütün məntəqələrdə zəruri şərait yaradılıb və müvafiq texniki imkanlar təmin edilib. Bütün lazımi texniki vasitələr mövcuddur və belə vətəndaşların məntəqələrə çıxışı kifayət qədər rahat şəkildə təşkil olunub.

Bundan əlavə, görmə məhdudiyyəti olan insanlar üçün də zəruri şərait yaradılıb", - deyə o bildirib.

Quliyev əlavə edib ki, bütün məntəqələrdə qanunvericiliyin tələblərinə uyğun şərait müşahidə olunur.

"Bütün bunlar bizi çox sevindirdi. Xüsusilə xoşdur ki, Qazaxıstanda yeni Konstitusiya çərçivəsində seçkilərin keçirilməsi zamanı çoxsaylı müxtəlif mexanizmlər nəzərdə tutulub və bu qədər detal nəzərə alınıb.

Aldığımız məlumata görə, bir sıra regionlarda birbaşa seçicilərin yanına gedən komissiyalar yaradılıb. Söhbət, məsələn, evlərindən uzaqda işləyən və bir neçə ay ərzində evlərinə qayıda bilməyən insanlardan gedir. Səsvermə imkanını təmin etmək üçün komissiyalar onların yanına gediblər. Xüsusilə belə imkanlar kömür mədənlərində çalışan işçilər üçün də yaradılıb.

Biz də bir sıra bu cür halların şahidi olduq. Bütün bunlar ölkədə seçki sisteminin ciddi şəkildə inkişaf etdiyini göstərir. Hesab edirik ki, yeni Konstitusiyaya uyğun olaraq yeni parlamentin yaradılması Qazaxıstanın gələcək inkişafının göstəricisi və sübutudur", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31