Kurultay seçkilərində insanlar könüllü şəkildə, yüksək əhval-ruhiyyə ilə səs verirlər – Fələstin səfiri

Qazaxıstanda Kurultaya keçirilən seçkilərdə insanlar könüllü şəkildə, yüksək əhval-ruhiyyə ilə səs verirlər.

Bu barədə Fələstin Dövlətinin Qazaxıstandakı səfiri, diplomatik korpusun duayeni Montaser Əbu Zeyd brifinq zamanı bildirib. Bu barədə Trend-in Astanadakı xüsusi müxbiri məlumat verir.

"Fələstin Dövlətinin Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi mən beynəlxalq müşahidəçiyəm. Bugünkü seçkilərlə bağlı səhər saatlarından etibarən bir çox seçki məntəqəsini ziyarət etdik. Heç bir pozuntu qeydə alınmayıb. İnsanlar könüllü şəkildə, yüksək əhval-ruhiyyə ilə, hər hansı təzyiq olmadan səs verirlər.

Qazaxıstan xalqını və Prezident Kasım-Jomart Tokayevin rəhbərlik etdiyi müdrik rəhbərliyini demokratik seçkilərin keçirilməsi münasibətilə təbrik etmək, Qazaxıstan xalqına sülh, təhlükəsizlik və sabitlik arzulamaq istəyirəm", - Əbu Zeyd bildirib.

Qeyd edək ki, bu gün Qazaxıstanda 1 iyul 2026-cı ildə qüvvəyə minmiş yeni Konstitusiyada nəzərdə tutulan ölkənin birpalatalı parlamenti - Kurultaya seçkilər başlayıb.

Kurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir: deputatlar vahid ümummilli seçki dairəsində partiya siyahıları üzrə seçilirlər.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici siyahılarına 12 605 788 nəfər daxil edilib. Səsvermənin keçirilməsi üçün 10 423 seçki məntəqəsi hazırlanıb. Onlardan 79-u xaricdə 61 dövlətdə yerləşir.

Seçkilərdə yeddi siyasi partiya iştirak edir: "Әділет", Ümumxalq Sosial-Demokrat Partiyası, Qazaxıstanın "Байтақ" Yaşıllar Partiyası, Qazaxıstan Xalq Partiyası, "Ауыл", Qazaxıstanın "Ақ жол" Demokratik Partiyası və "Respublica".

Səsvermənin gedişini beynəlxalq ekspertlər müşahidə edirlər. Ümumilikdə 42 dövlətdən 777 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Bundan əlavə, müşahidə missiyalarında 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.

Kurultay Qazaxıstanın Məclis və Senatdan ibarət əvvəlki ikipalatalı Parlamentini əvəz edəcək.

Ölkə üzrə saat 14:00-a 6 696 002 seçici bülleten alıb ki, bu da səsvermə siyahılarına daxil edilmiş seçicilərin ümumi sayının 53,12 faizini təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31