Tailandın cənubunda yaraqlılar 30-dan çox obyektə hücum edib

Tailandın cənub bölgələrində silahlı şəxslər mülki infrastruktura qarşı 30-dan çox hücum həyata keçiriblər. Hadisələr nəticəsində iki nəfər xəsarət alıb.

İnsidentlər Narathivat, Pattani və Yala əyalətlərində qeydə alınıb.

Məlumata görə, hücumçular kommunal xidmətlərə məxsus nəqliyyat vasitələrini yandırıb, mobil rabitə qüllələrinə ziyan vurub, həmçinin inzibati binaları və mağazanı hədəfə alıblar. Partlayıcı qurğunun işə düşməsi nəticəsində iki qadın qəlpə yaraları alıb.

Hadisədən sonra Tailand Ordusunun Dördüncü Hərbi Dairəsinin komandanı general-leytenant Norathip Phoynok araşdırmanın başlanması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib. Hərbçilər və polis gücləndirilmiş hazırlıq rejiminə keçirilib, yollar və strateji əhəmiyyətli obyektlər üzrə patrul xidməti artırılıb.

Yerli əhaliyə evdən zərurət olmadıqca çıxmamaq, şübhəli şəxslər və əşyalar barədə hüquq-mühafizə orqanlarına məlumat vermək tövsiyə olunub.

Qeyd edək ki, Tailandın əsasən müsəlmanların yaşadığı cənub bölgələrində silahlı qarşıdurma 70 ildən artıqdır davam edir. 2004-cü ildən etibarən yaraqlı qrupların fəaliyyəti daha da intensivləşib. Onlar Narathivat, Pattani və Yala əyalətlərinin ayrılaraq həmin ərazilərdə sultanlığın yaradılmasını tələb edirlər.

Münaqişənin kəskinləşdiyi dövrdən bu günədək 7 mindən çox insan həlak olub, 13 mindən artıq sakin isə yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31