Qərbdən dəstək almaq niyyəti ilə “gözə kül üfürmək”- ÖZƏL
12:19 Dünya"Nikol Paşinyanın nə dərəcədə qərbpərəst olduğunu və orada Avropaya inteqrasiya ritorikasının arxasında ciddi niyyətin dayanıb-dayanmadığını bilmək üçün Ermənistan parlamentində daimi komissiyaların rəhbərləri seçilərkən hakim partyanın seçiminə ötəri nəzər salmaq məncə, bəs edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib:"Demək, Ermənistan qanunvericiliyinə görə qazanılan mandatların sayına uyğun olaraq oradakı 12 daimi komissiyanın 8-nə Mülki Müqavilə Partiyasının, üçünə Karapetyanın "Güclü Ermənistan" blokunun, birinə isə Köçəryanın "Ermənistan" blokunun təmsilçisi rəhbərlik etməlidir. Və bu zaman parlamentdə ən çox deputatla təmsil olunan partiya o 12 komissiyanın 8-dən hansını istəyirsə seçib götürür.
Paşinyanın partiyası Dövlət və hüquq məsələləri, Müdafiə və təhlükəsizlik, Xarici əlaqələr, İqtisadi məsələlər, Səhiyyə, Elm- təhsil- mədəniyyət-diaspora- gənclər və idman, Əmək və sosial məsələlər, bir də Regional və Avrasiya inteqrasiyası komissiyalarına üstünlük verib ki, axırıncını çıxmaqla bu seçim tam anlaşılandır. Yəni hakimiyyət partiyası idarəçilik baxımından hansı komissiyalar önəmlidirsə, çalışıb ki, onlara rəhbərliyi öz deputatları etsin.
Burada ilk baxışda qəribə təsir bağışlayan hakimiyyətin Regional və Avrasiya inteqrasiyası komissiyasını özünə götürüb Avropa İnteqrasiyası Komissiyasını seçki kampaniyası zamanı da, elə indinin özündə də sırf Moskvadan gələn tapşırıq üzrə hərəkət edən "Güclü Ermənistan" blokuna güzəşt, pardon güzəşt yox, həvalə etməsidir. Bax elə bu həvalənin özü Ermənistan parlamentində ötən il martın 26-da Avropa İttifaqına üzvlülüklə bağlı qəbul edilən qanunun buna real cəhd, yoxsa Qərbdən dəstək almaq niyyəti ilə gözə kül üfürmək olduğunu çox aydın şəkildə ortaya qoyur"