Kosovoda üç kütləvi məzarlıqdan azı 23 nəfərin qalıqları çıxarılıb
09:30 DünyaKosovonun şimalında bu yaxınlarda aşkarlanan üç kütləvi məzarlıqdan ən azı 23 nəfərin qalıqları çıxarılıb.
Bu barədə avqustun 19-da Kosovo Xüsusi Prokurorluğu bəyanat yayıb.
Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun əməkdaşları tərəfindən aşkar edilən qalıqların böyük ehtimalla 1999-cu ildən bəri itkin düşmüş Kosovo albanlarına aid olduğu ehtimal edilir.
Bəyanatda həmçinin qeyd olunur: "Qalıqların yekun identifikasiyası məhkəmə-tibbi ekspertizalar və digər zəruri prosedurlar həyata keçirildikdən sonra aparılacaq."
Bildirilib ki, sözügedən ərazilərdə eksqumasiya işləri artıq başa çatıb.
Prokurorlardan birinin sözlərinə görə, DNT testləri vasitəsilə identifikasiya prosesi bir neçə ay çəkə bilər. Kütləvi məzarlıqların qazılması üzrə işlər iyulun sonunda Kosovonun şimalındakı Zubin Potok bölgəsində başlanıb. Bu ərazidə əsasən serb əhalisi yaşayır.
Kosovo Baş naziri Albin Kurti bildirib ki, hakimiyyət "1999-cu il aprelin 19-da oğurlanan və itkin düşən Mitrovitsadan olan 23 ziyalıdan - həkimlər, professorlar və insan hüquqları müdafiəçilərindən ibarət qrupun qalıqlarının" tapıldığına ümid edir.
Kosovo hakimiyyəti bu yaxınlarda bu işlə əlaqədar Zubin Potok bölgəsində mülki əhaliyə qarşı hərbi cinayətlər törətməkdə şübhəli bilinən üç kişini həbs edib.
Qeyd edək ki, 1998-1999-cu illərdə Serbiya qüvvələri ilə Kosovo albanlarının silahlı dəstələri arasında gedən Kosovo müharibəsi zamanı təxminən 13 min nəfər həlak olub. Onların 11 mini Kosovo albanları, əsasən də mülki şəxslər olub. Təxminən 1 600 nəfər hələ də itkin hesab olunur.