Trampın Hörmüz mesajı: hərbi üstünlük, yoxsa informasiya savaşı?- ÖZƏL
15:17 DünyaDonald Tramp İranın hərbi imkanlarının, xüsusən donanma və hava qüvvələrinin ciddi şəkildə zəiflədiyini, ölkənin ağır iqtisadi böhran və yüksək inflyasiya ilə üzləşdiyini bildirib. O qeyd edib ki, Tehran artıq Yaxın Şərqdə əvvəlki dominantlığa malik deyil və yalnız bəyanatlarla kifayətlənir. ABŞ-İran qarşıdurması fonunda səslənən bu açıqlamaların əsas məqsədi Vaşinqtonun hərbi üstünlüyünü nümayiş etdirmək və İranın Hörmüz boğazındakı təsirinin məhdud olduğunu göstərməkdir. Bununla belə, qlobal neft və qaz daşımaları üçün kritik önəm kəsb edən Hörmüz boğazındakı qeyri-müəyyənlik və sərt ritorika tərəflər arasında diplomatik dialoqun bərpasının son dərəcə mürəkkəb olduğunu ortaya qoyur.
Trampın "Hörmüz boğazı tam nəzarətimizdədir, onu biz idarə edirik" bəyanatı hüquqi və praktik baxımdan nə deməkdir, ABŞ həqiqətən boğaz üzərində tam nəzarət əldə edib, yoxsa prezidentin bu ifadəsi hərbi üstünlüyü siyasi və psixoloji mesaj kimi təqdim etmək məqsədi daşıyır?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Hazırda İran və Amerika arasında müharibə yalnız döyüş meydanında getmir. Eyni zamanda mediada, informasiya məkanında, təbliğat və s. kimi istiqamətlərdə də biz bu savaşı görməkdəyik.
Bu baxımdan diqqətçəkici məqam odur ki, Donald Tramp tərəfindən yayılan açıqlamalarla İran tərəfindən verilən açıqlamalar arasında ciddi fərqlərin olduğu görülməkdədir. Doğrudur, Donald Tramp bəyan edir ki, onlar İrana xeyli zərbə vurublar, İranın dəniz donanması, hərbi qüvvələri, hava hücumundan müdafiə sistemləri və s. bir şəkildə zərər görüb. Əlbəttə ki, burada həqiqət payı çoxdur. Qeyd edək ki, fevralın 28-dən bəri ABŞ və İsrail tərəfindən İrandakı 15 min hədəfin vurulduğu ilə bağlı açıqlamalar verilir. Bu, kifayət qədər ciddi bir rəqəmdir. Hörmüz boğazı ilə bağlı məsələ isə kifayət qədər bəlli, belə ki, İran tərəfi artıq bu boğazın idarə olunması ilə bağlı xüsusi bir idarə yaradıb. Omanla danışıqlar aparılır, Hörmüz boğazına nəzarətlə bağlı. Eyni zamanda, ABŞ Hörmüz boğazında İrana qarşı blokada tətbiq edir. Bu da kifayət qədər ciddi bir rəqəmdir. Söhbət Donald Trampın "Hörmüz boğazını biz idarə edirik" açıqlamasından gedir. Burada kifayət qədər, bir daha qeyd edirəm, ciddi məqam vardır.
ABŞ Ərəbistan dənizində İran gəmilərinin Hörmüz boğazına girib-çıxmasına əngəl törədə bilir. Açıqladıqları məlumata görə, bugünə qədər 59 gəminin istiqaməti dəyişdirilib, yaxud geri qaytarılıb, yaxud vurulub. Bu hər halda o demək deyil ki, Hörmüz boğazına tam şəkildə ABŞ nəzarət edir.
Çünki İran tərəfindən burada hərəkət edən gəmilərə qarşı addımların atıldığını görməkdəyik. Son vaxtlar bir gəminin, tankerin vurulması da bunu sübut edir. O baxımdan burada ABŞ-nin tam şəkildə nəzarət etdiyini söyləmək üçün kifayət qədər çətindir. Sadəcə olaraq, Donald Trampın bir daha qeyd edilən bu tipli açıqlamalarında qarşı tərəfi həm də psixoloji təzyiq altında saxlamaq və informasiya savaşını davam etdirmək düşünür. Çünki Tramp, həm də nəzərə alsaq ki, noyabrda keçiriləcək aralıq seçkilərə hazırlaşır, bu informasiya və təbliğat eyni zamanda ABŞ-nin daxili auditoriyasına yönəlib.
Çünki Tramp noyabra qədər hərbi əməliyyatların aktiv fazada olmasında maraqlı deyil. O zamana qədər İrana iqtisadi blokada vasitəsilə təzyiq etmək, eyni zamanda informasiya və təbliğat cəbhəsində də davamlı şəkildə üstünlük əldə saxlamaq və təzyiq etmək düşünülür.
Və bu informasiyanın həm İran daxilinə yönəldiyini, eyni zamanda xüsusilə də ABŞ-nin daxili auditoriyasına yönəldiyini söyləmək olar. Çünki, belə qeyd edirəm, Donald Trampın noyabr seçkilərində partiyasının ABŞ Konqresindəki üstünlüyünü qorumaq kimi ciddi bir vəzifəsi var".
Zeynəb Mustafazadə