MAQATE Suriyadan nüvə materiallarını çıxaracaq - Dəməşq İsrailin tələbini qəbul etdi
10:38 DünyaVaşinqton Dəməşq və İsrail hakimiyyəti ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Suriyadakı bir obyektdən nüvə materiallarını çıxarması barədə razılığa gəlib.
Musavat.com xəbər verir ki, məlumatı Axios portalı yayıb.
Mənbələrinə görə, "BAEA tezliklə Suriyadakı gizli bir obyektdə saxlanılan nüvə materiallarını çıxaracaq".
Nəşr aydınlaşdırır ki, müvafiq razılaşmalar ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən Suriya və İsrail ilə məsləhətləşmələrdən sonra əldə edilib. Bu, "İsrail, Suriya və hətta Türkiyənin iştirak etdiyi eskalasiyanın qarşısını almağa" imkan verib.
Portala görə, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin dövründə ölkədə nüvə obyektləri, o cümlədən Deyr əz-Zorun şərq əyalətində reaktor inkişaf etdirilib. O, 2007-ci ildə İsrail təyyarələri tərəfindən məhv edilib. Nəşr iddia edir ki, bundan sonra Suriyada nüvə proqramı ilə əlaqəli bir neçə "tədqiqat obyekti və saxlama obyekti" qalıb və onlar "əsasən işlək deyildi". Məqaləyə görə, onlardan birində "nüvə materialları", xüsusən də uran konsentratı var idi.
İsrail tərəfi obyekti izləyib və materialların çıxarılmasını tələb edib. İsrail nümayəndələri onu vurmaqla hədələyiblər. Təxminən üç həftə əvvəl ABŞ administrasiyası Suriya hakimiyyəti ilə razılığa gəlib ki, MAQATE əməkdaşları materialları çıxaracaqlar. Bunun 2026-cı ilin sonuna qədər başa çatması gözlənilir.