Ronaldonun toyu niyə baş tutmadı?
11:47 DünyaBritaniya mətbuatının Kriştiano Ronaldo ilə Corcina Rodrigesin avqustun 8-də Portuqaliyanın Madeyra adasının Funşal şəhərində evlənəcəyi barədə yaydığı məlumat fanatları hərəkətə keçirib.
Milli.Az xəbər verir ki, ötən şənbə günü Funşal Kafedralının qarşısına təxminən 2 min nəfər toplaşıb. Fanatlar telefonlarını əllərində tutaraq Ronaldonun toy mərasimini lentə almağa çalışıblar.
Lakin gözlənilən gəlin Corcina Rodriges olmayıb. Kilsədə Nikol adlı qızın Fabio adlı şəxslə toy mərasimi keçirilib. Nəticədə Ronaldonun toyunu görmək üçün Madeyraya gələn fanatlar böyük məyusluq yaşayıblar.
Bundan başqa, sosial şəbəkələrdə Ronaldonun toyunun keçirilməsi ilə bağlı çoxsaylı saxta məlumatlar yayılıb. Süni intellekt vasitəsilə hazırlanmış foto və videolarda Lionel Messi, Neymar, Kilian Mbappe və Lamin Yamalın guya mərasimdə iştirak etdiyi göstərilib.
Hazırda Kriştiano Ronaldo və Corcina Rodrigesin toyunun nə vaxt və harada keçiriləcəyi barədə rəsmi məlumat yoxdur.