"Aİ miqrant yükünü paylaşdırmağa çalışır"- Politoloq İtaliyanın təklifini şərh etdi- ÖZƏL

İtaliya Aİ-yə qanunsuz gələn miqrantların sığınacaq müraciətləri baxılanadək  Ermənistan, Özbəkistan və Tunis kimi təhlükəsiz üçüncü ölkələrdə saxlanılması üçün mərkəzlər yaradılmasını təklif edib. Roma bu layihənin Aİ tərəfindən maliyyələşdirilməsini, geri qaytarılmanın sürətləndirilməsini və ticarət güzəştlərinin miqrantların geri qəbuluna bağlanmasını istəyir.

Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib: 
"  Düşünürəm ki, Avropa İttifaqı bu üsulla öz üzərinə düşən miqrant böhranını digər ölkələrin üzərinə qoyaraq həll etməyə çalışır. Çalışır ki, bu öhdəliyi digər ölkələrin üzərinə ötürsün. Bu, daha əvvəl də istifadə olunmuş üsuldur.
ABŞ bundan istifadə edir. Böyük Britaniya da istifadə edib. Hətta Ruanda və Albaniyada belə mərkəzlərin yaradılması ilə bağlı təşəbbüslər olmuşdu. Bununla bağlı müəyyən razılaşmalar da var idi. Bu şəkildə öz üzərinə düşən miqrant böhranını digər ölkələrə yönəltməyə çalışır. Bunun müqabilində isə həmin ölkələrə müəyyən iqtisadi güzəştlər, iqtisadi yardımlar və s. təklif olunur.
Bunun uzunmüddətli perspektivdə miqrant böhranını həll edəcəyini düşünmürəm. Çünki miqrantlar yola çıxarkən Ruandaya, Ermənistana  və ya Özbəkistana getməyə çalışmırlar. Onlar Avropaya getmək istəyirlər. Ona görə də yenə də Avropaya keçməyin yollarını axtarmağa çalışacaqlar. Böyük miqrasiya axınlarının bu cür üsullarla qarşısının alındığını hələ ki görmürük.
Xatırlayırsınızsa, Suriya məsələsində Türkiyə ilə də belə bir razılaşma olmuşdu. Türkiyə suriyalı qaçqınları, miqrantları saxlamasının müqabilində müəyyən yardımlar alırdı. Hətta Türkiyə ilə vizasız səyahət və s. ilə bağlı vədlər də verilmişdi. 
Bu məsələnin özü həmin ölkələr üçün də müəyyən problemlər yarada bilər. Çünki Ermənistan və Özbəkistan öz əhalisi baxımından elə də böyük ölkələr deyillər. Bu ölkələrə əlavə miqrantların gətirilməsi müəyyən narazılıqlar yarada bilər. Çünki həmin ölkələrin özlərində də işsizlik problemi var. İndiki dövrdə yox, yaxın müddətdə də yox, amma gələcəkdə mümkündür ki, siyasi risklərlə yaradar. Yəni həddindən artıq miqrantın toplanması ölkənin daxili siyasi sabitliyini poza bilər. Məsələn, biz bunun nümunələrini artıq Türkiyədə miqrantlarla bağlı müəyyən problemlərdə görürük. Həddindən artıq miqrant cəmləşməsi ilə bağlı problemlər yaşanır.
Mümkündür ki, gələcəkdə bu saxlanma mərkəzi kimi istifadə olunan ölkələrdə də uzunmüddətli perspektivdə demoqrafik problemlər yaransın. Belə bir risk var. Düşünürəm ki, bu hələlik təklif mərhələsindədir. Digər tərəfdən, Avropa İttifaqı üçün bu, müvəqqəti həll üsuludur. Daimi həll yolu deyil. Çünki həmin miqrantların gələcəkdə hansı ölkələrə köçürülməsi üçün ayrıca mexanizm hazırlanmalıdır və bu da müəyyən maliyyə vəsaiti tələb edir. Bundan başqa, bu ölkələri miqrantlara görə təhdid etmək və s. əvvəllər də elə bir nəticə verməyib. Ola bilər ki, hansısa hökumət  Avropa İttifaqının təhdidlərindən çəkinərək daha az miqrant göndərməyə və ya sərhədləri daha ciddi qorumağa çalışsın. Amma istənilən halda, qeyri-qanuni miqrant axınlarının yenə də davam etdiyini görəcəyik. Xüsusilə də qeyri-sabit bölgələr var- Əfqanıstan, İran, Suriya, Liviya və Mərkəzi Afrika ölkələri. Bu ərazilərdə dövlət nəzarəti zəif olduğu üçün   Avropa İttifaqı müəyyən iqtisadi güzəştlərlə və ya təhdidlərlə çıxış etsə belə, həmin ölkələr böyük ehtimalla miqrant axınının qarşısını tam şəkildə ala bilməyəcəklər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31