Razılaşma əldə olunmayana qədər İrana heç nə keçməyəcək - Tramp

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini ikiüzlü davranmaqda ittiham edib və Tehranın heç vaxt nüvə silahına sahib olmasına imkan verilməyəcəyini bəyan edib.

Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.

"İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlü davranır. Onlar görüş keçirmək istəyirlər, danışıqlar başlayır və yaxın vaxtlarda yeni görüşlər planlaşdırılır. Lakin eyni zamanda açıq şəkildə heç bir müzakirə aparmadıqlarını və yalnız Omanla təmasda olduqlarını bildirirlər", - deyə o qeyd edib.

ABŞ Prezidenti İranın Hörmüz boğazına nəzarətlə bağlı bəyanatlarını da tənqid edib.

"Onlar Hörmüz boğazına güclü nəzarət edəcəklərini deyirlər. Halbuki boğaz artıq tamamilə ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır. Biz istəmədikcə İrana heç nə keçmir və razılaşma əldə olunmayana və ya tam təslim baş verməyənə qədər də heç nə keçməyəcək", - deyə Tramp vurğulayıb.

O əlavə edib ki, Vaşinqton uzun illərdir İranın yaratdığı problemin həlli üzərində işləyir.

"İran heç vaxt nüvə silahına sahib olmayacaq", - deyə ABŞ Prezidenti bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31