Bir gecədə vəziyyət dəyişdi - Kəskin BAHALAŞDI

ABŞ-ın texnologiya nəhəngləri Amazon və Microsoft-un ikinci rüb üzrə gözləntiləri üstələyən maliyyə nəticələri süni intellekt sektoruna dair narahatlıqları aradan qaldıraraq qlobal bazarlarda güclü yüksəliş yaradıb.

Musavat.com xəbər verir ki, şirkətlərin uğurlu hesabatlarından sonra investorlar yenidən süni intellekt infrastrukturu və yarımkeçirici istehsalçılarına yönəlib, nəticədə Asiya birjalarında çip şirkətlərinin səhmləri rekord həddə bahalaşıb.

ABŞ fond bazarlarındakı yüksəliş Asiya texnologiya sektoruna da müsbət təsir göstərib. Əsas təkanverici amillərdən biri ABŞ-da iShares Semiconductor ETF (SOXX) fondunun bir sessiyada 8 faizdən çox bahalaşması olub.

Cənubi Koreyada SK Hynix səhmləri ticarət zamanı 25 faizdən çox yüksələrək tarixi rekordlardan birini yeniləyib. Samsung Electronics səhmləri isə 20 faizdən çox dəyər qazanıb. Bundan başqa, LG Innotek 11,2 faiz, Seoul Semiconductor isə 7,8 faiz bahalaşıb.

Yaponiyada da yarımkeçirici sektorunda kəskin yüksəliş qeydə alınıb. Tokyo Electron-un səhmləri təxminən 18 faiz, Advantest və Lasertec şirkətlərinin səhmləri 13 faizdən çox, Renesas Electronics 12 faiz, Disco isə 9 faiz bahalaşıb.

Çip dizaynı şirkəti Arm-ın əsas səhmdarı olan SoftBank Group-un səhmləri də 10 faizdən çox artıb.

Son həftələr yarımkeçirici şirkətlərinin səhmləri süni intellekt sektorunda həddindən artıq qiymətləndirmə və Çin istehsalçılarının artan rəqabəti ilə bağlı narahatlıqlar səbəbindən təzyiq altında idi.

Lakin Microsoft və Amazon-un güclü maliyyə göstəriciləri bazardakı əhval-ruhiyyəni dəyişib. Microsoft-un Azure bulud platformasının gözləniləndən yüksək artım nümayiş etdirməsi şirkətin səhmlərini 16 faiz bahalaşdırıb. Amazon isə bulud xidmətlərindəki uğurlu nəticələr hesabına birja bağlandıqdan sonrakı ticarətdə 9 faizdən çox dəyər qazanıb.

Ortus Advisors şirkətinin səhm strategiyası üzrə rəhbəri Endryu Cekson bildirib ki, Microsoft-un gözləntiləri aşan maliyyə nəticələri investorların risk iştahını yenidən artırıb və süni intellekt ekosisteminə inamı gücləndirib.

Qeyd edək ki, xəbərdə yer alan məlumatlar investisiya tövsiyəsi xarakteri daşımır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31