Yusif Xəlilovun 19 illik restoranı əlindən alınır

Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilovun "Fort" restoranının yerləşdiyi bina ilə bağlı mülkiyyət hüququ məsələsi yenidən məhkəməyə qaytarılıb.

Lent.az  xəbər verir ki, Voronej Vilayət Məhkəməsi prokuror yoxlamasının nəticələrinə əsasən işi yenidən baxılması üçün Leninski Rayon Məhkəməsinə göndərib.

Məhkəmənin məlumat bazasında qeyd olunub ki, iş üzrə ilkin iclas avqustun 10-na təyin edilib.

Bildirilib ki, Yusif Xəlilovun Voronej şəhər administrasiyasına və vilayətin Əmlak və Torpaq Münasibətləri Nazirliyinə qarşı qaldırdığı iddia üzrə ilk qərar 2007-ci il fevralın 2-də qəbul edilib. Həmin qərarla 800 kvadratmetr sahəsi olan tikili üzərində sahibkarın mülkiyyət hüququ tanınıb.

Qərarın əsasını texniki-tikinti ekspertizasının rəyi təşkil edib. Lakin 2026-cı ilin yanvarında aparılan prokuror yoxlaması zamanı müəyyən edilib ki, obyektin yerləşdiyi torpaq sahəsinin icarəsi qüvvədə olduğu dövrdə tikinti və ya yenidənqurma üçün rəsmi icazə verilməyib.

Yoxlama zamanı həmçinin məhkəmə ekspertizasının tərəflərin təşəbbüsü ilə keçirilmədiyi də üzə çıxıb.

Prokurorluq hesab edib ki, bina və daha sonra torpaq sahəsi üzərində mülkiyyət hüququ Voronej şəhər administrasiyası və vilayət əmlak qurumlarının əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində əldə edilib.

Buna baxmayaraq, Leninski Rayon Məhkəməsi 2026-cı ilin mayında Cinayət Məcəlləsinin 159-cu maddəsi ("Dələduzluq") üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.

Lakin Voronej Vilayət Məhkəməsi həmin qərarları ləğv edərək işi yenidən araşdırılması üçün aşağı instansiyaya qaytarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31