“Güclü Ermənistan” blokunda vəzifə bölgüsü: Kimlər hansı postlara gətirilir? – ÖZƏL
10:43 DünyaOlaylar.az xəbər verir ki, "Joxovurd" qəzetinin verdiyi məlumata görə, "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyan yaxın günlərdə öz fraksiyasının deputatları ilə parlamentdəki vəzifələrin bölgüsünü müzakirə edəcək.
Məlumata əsasən, parlamentin vitse-spikeri postuna hüquqşünas Aram Vardevanyanın namizədliyi irəli sürüləcək. Fraksiyaya Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan rəhbərlik edəcək, katib vəzifəsini isə Tiqran Abramyan tutacaq.
Blok xarici əlaqələr, dövlət-hüquq məsələləri, eləcə də ərazi idarəetməsi, kənd təsərrüfatı və ətraf mühit komissiyalarına rəhbərlik etməyi planlaşdırır. Dövlət-hüquq məsələləri komissiyasının sədri postuna David Kazinyanın namizədliyi nəzərdə tutulur. Bununla belə, hakim "Mülki Müqavilə" fraksiyasının bu planları pozacağı istisna olunmur.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası yeni çağırış parlamentin deputat siyahısını təsdiqləyib. 29 mandat qazanan "Güclü Ermənistan" ikinci ən böyük fraksiya olub. Yeni parlamentin ilk iclası avqustun 2-də keçiriləcək.