İranla danışıqlar nəticə verməsə, güclü hərbi əməliyyatları bərpa edəcəyik - Tramp

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar nəticəsiz qalarsa, güclü hərbi əməliyyatları bərpa etməyə hazır olduğunu açıqlayıb.

Bu barədə "Axios" nəşrinə müsahibəsində danışan Tramp bildirib ki, ABŞ-nin İrana qarşı zərbələrini dayandırmaq qərarını danışıqlara daha bir şans vermək üçün qəbul edib.

"Biz İranla çox dərin danışıqlar aparırıq. Əgər nəticə əldə olunmasa, çox güclü hərbi əməliyyatlara qayıdacağıq", - deyə o bildirib.

Məlumata görə, hazırkı danışıqlar Hörmüz boğazının yenidən açılması və nüvə proqramı ilə bağlı hərtərəfli razılaşma üzrə danışıqların bərpasını nəzərdə tutan yeni saziş üzərində cəmlənib.

Danışıqlar əsasən İran və Oman arasında aparılır. Bununla yanaşı, Qətər, Pakistan, Misir, eləcə də Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner prosesdə fəal iştirak edirlər.

Diplomatiyaya nə qədər vaxt verməyə hazır olduğu sualına cavabında Tramp belə deyib: "Çox vaxt yox. Ya hər şey tez baş verəcək, ya da ümumiyyətlə baş verməyəcək".

Tramp bildirib ki, cümə günü vasitəçi ölkələrin xahişi ilə zərbələri dayandırmaq qərarına gəlib.

"İranla işləyən bütün tərəflər mənə dedilər: "Atəş açmayın", - deyə Tramp qeyd edib.

O vurğulayıb ki, İran razılaşma əldə etmək istəyir.

Vasitəçilərin xahişini niyə qəbul etdiyini izah edən Tramp, - heç nə qazanmadıq, heç nə itirmədik, - deyə bildirib.

Tramp həmçinin bildirib ki, çərşənbə axşamı Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

"Mən Benyamin Netanyahu ilə danışacağam və ona deyəcəyəm ki, əgər mən prezident olmasaydım, İranın indiyədək nüvə silahı olardı və İsrail məhv edilmişdi", - deyə Tramp vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31