Rəsmi Ər-Riyad İran-yönümlü qruplaşmalar tərəfindən İraqdan edilən PUA hücumlarını pisləyib

Səudiyyə Ərəbistanı iddiaya görə, İranın dəstəklədiyi qruplaşmaların İraq ərazisindən pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumları pisləyib.

Bu barədə Səudiyə Ərəbistanının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi İranın dəstəklədiyi İraqdakı silahlı qruplaşmaların buraxdığı pilotsuz uçuş aparatları vasitəsilə Krallığa qarşı həyata keçirilən qəbuledilməz hücumları qətiyyətlə pisləyir",-deyə bəyanatda qeyd olunur.

Səudiyyə Ərəbistanı ölkənin təhlükəsizliyini və suverenliyini qorumaq, istənilən təcavüz aktının qarşısını almaq, habelə bu cür hücumların mənbələrinə cavab vermək hüququndan istifadə etmək əzmində olduğunu bir daha təsdiqləyib. Krallıq, eyni zamanda, İraq hökumətini İraq ərazisindən hücumların həyata keçirilməsi üçün meydança kimi istifadə edilməsinin qarşısını almaq məqsədilə bütün zəruri tədbirləri görməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə (HHM) sistemlərinin İranın dəstəklədiyi silahlı qruplaşmalar tərəfindən İraq ərazisindən buraxılan bir neçə pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini bəyan edib. Nazirliyin məlumatına görə, PUA-lar Şərq əyalətində və Ər-Riyad bölgəsində yerləşən neft obyektlərinə hücum etməyə cəhd göstəriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31