Avetik Çalabyan: "Ermənistanda müxalifətə qarşı kütləvi təqiblər davam edir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanda "Hayakve" təşəbbüsünün koordinatoru, bir aydır həbsdə saxlanılan Avetik Çalabyan bəyan edib ki, ölkədə təkcə müxalifət nümayəndələri deyil, faktiki olaraq bütün Ermənistan azadlıqdan məhrum edilib. Seçki hüququnun həyata keçirilməsinə maneçilik törətmək ittihamı ilə 2 ay müddətinə həbs edilən və bu işi qondarma hesab edən siyasi xadim, 7 iyun seçkilərindən sonra ölkədə opozisiya nümayəndələrinə qarşı misli görünməmiş təqib dalğasının başladığını bildirib.

O, hakimiyyətin inzibati resurslar, saxtakarlıq və xarici dəstək hesabına mövqeyini qoruyub saxladığını, lakin 750 minə yaxın vətəndaşın mövcud rejimə qarşı səs verdiyini vurğulayıb. Bəyanatda Qagik Tsarukyan, Aregnaz Manukyan, Narek Karapetyan, arxiyepiskop Baqrat Qalstanyan, Andranik Tevanyan və Armen Aşotyan kimi bir çox müxalifətçinin siyasi təqiblərə məruz qaldığı qeyd olunub. Çalabyan baş verənləri ölkənin gələcəyinə təhdid kimi qiymətləndirərək xalqı öz azadlığı uğrunda mübarizəyə çağırıb.

Qeyd edək ki, "Hayakve" təşəbbüsü bir müddət əvvəl Samvel Karapetyanın "Güclü Ermənistan" bloku ilə hakimiyyətin seçkilər yolu ilə dəyişdirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31