Avropa İttifaqı İrana qarşı sanksiyalar siyahısını genişləndirib
17:55 DünyaAvropa İttifaqı Şurası İrana qarşı sanksiyalar siyahısına daha altı nəfəri daxil edib.
Bu barədə Aİ Şurasının mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, sanksiya siyahısına siyasi fəallar, dissidentlər və dini azlıqların nümayəndələri barədə hökm çıxarmaqda ittiham olunan İranın İnqilab Məhkəmələrinin beş hakimi daxil edilib. Aİ qeyd edib ki, bu işlərin bir qismi 2022-ci ildə "Qadın, həyat, azadlıq" şüarı ilə keçirilən etiraz aksiyalarına hakimiyyətin reaksiyası ilə bağlı olub.
"Bundan əlavə, Şura İranlı haker və kompüter mühəndisi, "Ashiyane" kiberqrupunun təsisçisi və əsas simalarından biri olan Nima Salehiyə qarşı da sanksiyalar tətbiq edib. "Ashiyane Digital Security" şirkəti artıq Aİ-nin sanksiyaları altında olan İranın Kiber Polisi (FATA) və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əməkdaşlıq edir. Şirkət həmçinin ölkə daxilindəki müxaliflərə və islahat tərəfdarlarına, eləcə də xarici təşkilatlara qarşı genişmiqyaslı kibertəhlükəsizlik hücumlarına görə məsuliyyət daşıyır və bununla da rejimin müxalifətə qarşı fəaliyyətini dəstəkləyir", - deyə bəyanatda deyilir.
Son dəyişikliklərdən sonra Aİ-nin İranda insan hüquqlarının pozulması ilə əlaqədar tətbiq etdiyi sanksiyalar rejimi ümumilikdə 269 fiziki şəxsə və 53 təşkilata şamil olunur. Siyahıya daxil edilən şəxslərin Aİ ərazisindəki aktivləri dondurulur, onlara pul və iqtisadi resursların təqdim edilməsi qadağan edilir, həmçinin Avropa İttifaqı ölkələrinə giriş və tranzit keçidlərinə məhdudiyyət qoyulur.
"Sanksiyalar aktivlərin dondurulmasını, Aİ ölkələrinə səfər qadağasını, eləcə də siyahıya salınmış şəxslərə pul və iqtisadi resursların təqdim edilməsinin qadağan olunmasını nəzərdə tutur. Bundan əlavə, daxili repressiyalar üçün istifadə oluna biləcək, o cümlədən telekommunikasiya vasitələrinin monitorinqi avadanlıqlarının İrana ixracına qoyulan qadağa qüvvədə qalır", - Aİ Şurası bildirib.
Müvafiq hüquqi aktlar Avropa İttifaqının Rəsmi Jurnalında dərc olunub. İranda insan hüquqlarının pozulması ilə əlaqədar Aİ-nin sanksiyalar rejimi 2011-ci ildə tətbiq edilib və hazırda onun qüvvədə olma müddəti 2027-ci ilin aprel ayınadək uzadılıb.