Ermənistanda Qaqik Sarukyan işi ilə bağlı siyasi mübahisələr davam edir – ÖZƏL
12:05 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanda "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyanın həbsi ətrafında mübahisələr davam edir. Partiyanın keçmiş deputatı Arman Abovyan Sarukyana qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu iddia edərək, onun təqibə məruz qaldığını bildirib. Abovyanın sözlərinə görə, Sarukyan işi saxta ittihamlar üzərində qurulub və hakimiyyətlə razılaşmayan şəxslərə təzyiq göstərilir.
Qaqik Sarukyan isə xüsusilə külli miqdarda dələduzluğun təşkili, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuyulması), eləcə də qanunsuz ov etməkdə ittiham olunur. İstintaqın iddiasına əsasən, o, 2022-2024-cü illərdə Ermənistan-İran ticarət əlaqələrinin inkişafı adı altında yaradılan şirkətlər vasitəsilə dövlətə 21 milyon dollardan çox ziyan vurub. Bundan əlavə, o, yanacaq tədarükü ilə bağlı 934 min dollar məbləğində dələduzluq və qanunsuz ov nəticəsində ətraf mühitə 81 min dollardan çox zərər vurmaqda da ittiham edilir. Sarukyan irəli sürülən ittihamları rədd edir.