Avropa Komissiyası "Google" şirkətini 1 milyard dollara yaxın cərimə edib

Avropa Komissiyası Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərini pozduğuna görə "Google" şirkətini ümumilikdə 890 milyon avro (təxminən 1 milyard ABŞ dolları) məbləğində cərimələyib.

Avropa Komissiyasının məlumatına görə, 460 milyon avro məbləğində ilk cərimə "Google"un axtarış nəticələrində öz xidmətlərinə üstünlük verməsi ilə bağlıdır. Şirkətin onlayn alış-veriş, hotellər, nəqliyyat və idman sahələrində öz xidmətlərini rəqiblərindən yuxarı sıralarda göstərdiyi müəyyən edilib.

430 milyon avro məbləğində ikinci cərimə isə "Google Play" tətbiq mağazası ilə əlaqədardır. Tənzimləyici qurum müəyyən edib ki, şirkət tətbiq tərtibatçılarının istifadəçiləri platformadan kənarda rəqəmsal məhsul və xidmətlərin alınmasının alternativ üsulları barədə məlumatlandırmaq imkanlarını məhdudlaşdırıb.

Avropa Komissiyası "Google"a aşkar edilmiş pozuntuları 60 gün ərzində aradan qaldırmağı tapşırıb. Əks təqdirdə, şirkət qlobal illik dövriyyəsinin 5 faizinədək həcmində əlavə cərimələrlə üzləşə bilər.

Bundan əvvəl Avropa İttifaqı Məhkəməsi "Google"un bazarda dominant mövqeyindən sui-istifadə etməsinə görə tətbiq edilmiş 4,1 milyard avro məbləğində cəriməni qüvvədə saxlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31