Ankara-Təl-Əviv gərginliyi: Regionu nə gözləyir? – ÖZƏL

"İsrail və Türkiyə arasında toqquşma ehtimalı hər zaman müəyyən qədər yüksək olub. Yəni hər iki ölkədə kifayət qədər sərt siyasi mövqeyə malik hakimiyyətlər mövcuddur və bu da zaman-zaman qarşıdurma riskini artırır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, nə Türkiyədəki mövcud hakimiyyətin İsraildəki hakimiyyətə xüsusi rəğbəti var, nə də İsraildəki hakimiyyətin Türkiyədəki hakimiyyətə. Onlar bir-birinə münasibətdə ciddi fikir ayrılıqları olan və bir sıra məsələlərdə sərt mövqe nümayiş etdirən hökumətlərdir. Ancaq bütün bunlar dövlətlərin ümumi milli maraqlarına zərər vurmamalıdır. Türkiyə ilə İsrail arasında ticarət əlaqələri kifayət qədər yüksək səviyyədədir. Hər iki ölkə Qərb təhlükəsizlik sisteminin mühüm tərəfdaşlarıdır və ABŞ-nin strateji müttəfiqləri hesab olunurlar. Xüsusilə də hazırda ABŞ-də Donald Tramp administrasiyasının hakimiyyətdə olduğu dövrdə həm Ərdoğan hökumətinin, həm də Netanyahu hökumətinin Vaşinqtonla yaxın münasibətləri mövcuddur. Bu baxımdan hesab etmirəm ki, ABŞ belə bir toqquşmanın baş verməsinə imkan versin. Bəli, hər iki ölkəni qarşıdurmaya sürükləmək istəyən müxtəlif qüvvələr var. Hətta bu qüvvələr həmin ölkələrin daxilində də mövcuddur. Həm İsraildə, həm də Türkiyədə müxtəlif dezinformasiyalar yayılır, müxtəlif fikirlər səsləndirilir ki, guya Türkiyə və İsrail qarşı-qarşıya gəlməlidir. Ancaq istənilən halda hərbi toqquşma məsələsi gündəmə gətirilməməlidir. Çünki bu, kifayət qədər ciddi risklər yarada biləcək bir ssenaridir və tərəflər çalışmalıdırlar ki, iki ölkə arasında hər hansı hərbi qarşıdurma baş verməsin.

"İsrail və Türkiyə arasında mümkün toqquşma heç bir halda regiona fayda gətirməyəcək. Əksinə, onsuz da gərgin olan Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirəcək və regional sabitliyə mənfi təsir göstərəcək. Düşünürəm ki, bunun qarşısının alınması üçün ABŞ də lazımi səyləri göstərməlidir. Çünki söhbət Vaşinqtonun regiondakı iki mühüm strateji müttəfiqindən gedir və onların bir-biri ilə toqquşması nə ABŞ-nin, nə də regionun təhlükəsizlik maraqlarına uyğun deyil", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31