Azərbaycan-Almaniya əlaqələri sülhə və əmin-amanlığa öz töhfəsini verəcək- ÖZƏL
14:41 Dünya"Dövlətimizin başçısı İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri hazırda ölkə və dünya mətbuatının diqqətindədir. Səfər Azərbaycan-Almaniya münasibətləri ilə yanaşı, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin də təqdimatı kimi dəyərləndirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Dövlətimizin başçısı İlham Əliyevin Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə mətbuata bəyanatlarında vurğuladığı kimi, bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də Almaniya öz səylərini göstərəcək.Azərbaycan-Almaniya münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, tərəflərin qarşılıq etimad mühitinin möhkəmləndirilməsi fonunda bütün sahələrdə əməkdaşlığın uğurlu inkişafı istiqamətində göstərdikləri səylərin real addımlarında öz təsdiqini tapmasının nəticəsidir. Qeyd edək ki, Almaniya Federativ Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər həmin ilin fevralında qurulub. Azərbaycanın Almaniyada, Almaniyanın Azərbaycanda Səfirliyi isə 1992-ci ilin sentyabr ayında açılıb. İki ölkə arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir. Qarşılıqlı səfərlər münasibətlərdə yeni mərhələnin başlanğıcı olur. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bu məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir".