İsmail “El Mayo”nun 40 illik narkotik imperiyası çökdü – 15 milyardlıq sərvəti müsadirə edildi
13:18 DünyaABŞ məhkəməsi "Sinaloa" narkokartelinin həmtəsisçilərindən biri, 77 yaşlı İsmail "El Mayo" Zambada Qarsiyanı şərti azadlığa buraxılmaq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edib.
Məhkəmə İsmail Zambadanın 15 milyard dollar həcmində sərvətinin müsadirə olunması barədə də qərar çıxarıb.
Hökm federal hakim Brayan M. Koqan tərəfindən elan edilib. İsmail Zambada reket fəaliyyəti və davamlı cinayətkar təşkilata rəhbərlik etmə ittihamları üzrə özünü təqsirli bilib.
ABŞ-nin illərlə axtardığı narkobaron 2024-cü ilin iyulunda Texas ştatının El-Paso şəhəri yaxınlığında saxlanılmışdı. İsmail Zambada "El Çapo" ləqəbli Hoakin Qusmanın oğlu Hoakin Qusman Lopeslə birlikdə kiçik təyyarədən enərkən ələ keçirilmişdi. ABŞ daha əvvəl onun tutulmasına kömək edəcək məlumat üçün 15 milyon dollar mükafat müəyyənləşdirmişdi.
Prokurorluğun məlumatına görə, İsmail Zambada təxminən 40 il ərzində narkotik vasitələrin ticarəti, çirkli pulların yuyulması, adam oğurluğu və qətllərlə əlaqəli cinayət şəbəkəsini idarə edib. Onun rəhbərliyi dövründə kartel Meksikadakı gizli laboratoriyalarda fentanil istehsalını da genişləndirib.
İttiham tərəfi İsmail Zambadanın milyardlarla dollarlıq cinayət şəbəkəsini zorakılıq və sistemli korrupsiya vasitəsilə qoruduğunu bildirib. Onun yüksək vəzifəli məmurlara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verərək uzun illər məsuliyyətdən yayındığı iddia olunub.
İsmail Zambada 2016-cı ildə "El Çapo"nun həbsindən sonra "Sinaloa" kartelində şəxsi təsirini daha da gücləndirmişdi. Təhlükəsizlik üzrə ekspertlər onun sıradan çıxarılmasının kartel daxilində hakimiyyət və varislik mübarizəsini kəskinləşdirə biləcəyini bildirirlər./Lent.az