Gürcüstan müxalifəti: "İvanişvilinin həbs qərarları sanksiyaları daha da sərtləşdirəcək" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" koalisiyasının liderlərindən biri İrakli Kupradze, "sabotaj işi" üzrə ittiham olunan səkkiz siyasətçinin məhkəməsinə münasibət bildirib. O, hakim "Gürcü arzusu", "Xalqın gücü" və "Neytral Gürcüstan" partiyalarını ölkə əleyhinə fəaliyyət göstərən "vahid banda" adlandırıb.

Kupradze, müxalifət liderlərini hakimiyyəti devirməyə cəhddə ittiham edən şahid Nana Kakabadzeni sərt tənqid edib: "Bidzina İvanyşvili məhkəməyə şahid qismində vaxtilə Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiya tərəfindən DTK (KGB) və Rusiya agenti kimi ifşa olunmuş, dövlət çevrilişində iştirak etmiş Nana Kakabadzeni çıxarıb. Bu gün isə həmin şəxslər ölkənin Müstəqillik Aktına imza atmış Badri Caparidzeni təqib edirlər."

Siyasətçi vurğulayıb ki, hazırkı məhkəmə sistemi müstəqil deyil və proses tamamilə siyasi xarakter daşıyır. Onun sözlərinə görə, əgər İvanişvili müxalifətçilərin həbsi barədə qərar versə, Qərb dünyasından çox sərt reaksiya alacaq və şəxsi maliyyə aktivlərinə qarşı sanksiyalar daha da ağırlaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31