"Atlas Bey" gəmisinin azərbaycanlı heyəti yola salındı – Kapitanın axtarışları davam edir

14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalan "Atlas Bey" mülki ticarət gəmisinin heyətində olan 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəyə yola salınıb.

Musavat.com xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Fərid Babayev və Pərviz Əsədovun müşayiəti ilə Azərbaycan vətəndaşları Gülana Lətifova, Tofiq Nəsrullayev, Səbuhi Səmədov, İsmayıl İsmayılov, Aydın Əliyev, Cavid Rəhimov, Mehman Rəhimov, İsmayıl Axundov, Qurban Əliyev və Valeh Abasov iyulun 15-də Moldova üzərindən təhlükəsiz şəkildə yola salınıblar.

Məlumata görə, hücum zamanı itkin düşən azərbaycanlı kapitan Səməd Nəsrullayevin tapılması istiqamətində hadisə bölgəsində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir.

Qeyd edək ki, "Atlas Bey" mülki yük gəmisi iyulun 14-də Odessa sahilləri yaxınlığında hücuma məruz qalmışdı. Hadisə nəticəsində gəminin azərbaycanlı kapitanı Səməd Nəsrullayev itkin düşüb və onun taleyi ilə bağlı axtarışlar hazırda da davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31