Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması Moskvaya sərfəli deyil, lakin… ÖZƏL
15:22 DünyaErmənistan-Rusiya münasibətlərindəki mövcud gərginlik davam edəcək, lakin Rusiyaya İrəvanın Aİİ-dən çıxması sərfəli deyil. Olaylar.az xəbər verir ki, bu fikri Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan səsləndirib. Onun sözlərinə görə, geosiyasi reallıqlar fonunda hər iki ölkə ikitərəfli əlaqələri yenidən dəyərləndirməlidir, əks halda bu, hər iki tərəf üçün mənfi nəticələr doğuracaq.
Arutyunyan Ermənistanın Rusiya üçün strateji əhəmiyyətini Hürmüz boğazının İran üçün daşıdığı önəmlə müqayisə edib və Rusiyanın İrəvanı Aİİ ilə Avropa İttifaqı (Aİ) arasında qəti seçim etməyə sövq edəcəyini vurğulayıb. Rusiya tərəfi isə İrəvanın Aİ ilə inteqrasiya cəhdlərini suveren hüquq hesab etsə də, bunun Aİİ ölkələrinin maliyyəsi hesabına baş verməməli olduğunu bildirib. Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə ÜDM-nin 14%-ni, eləcə də ticarət dövriyyəsinin təxminən 40%-ni itirə biləcəyini xəbərdar edərək, bu məsələ ilə bağlı ölkədə referendum keçirilməsini və "sivil ayrılıq" ehtimalını dilə gətirib. Mayın sonunda Astanada keçirilən Aİİ sammitində də üzv ölkələrin liderləri İrəvanı referendum keçirməyə çağırıblar.
Ermənistan Baş naziri Nikol Paşinyan isə ölkəsinin Aİİ-nin tamhüquqlu üzvü olaraq qaldığını və referendumun yalnız obyektiv zərurət yarandıqda mümkün ola biləcəyini bəyan edib. Eyni zamanda, Rusiya rəsmiləri Ermənistanın Aİ standartlarına keçid cəhdlərinin ittifaq üçün texniki təhdidlər yaratdığını diqqətə çatdırıblar.