İstanbul sakinləri xəbərdar edilib - İki gün leysan olacaq
12:59 DünyaÖtən şənbə günü İstanbulda müşahidə olunan güclü yağışlardan sonra qarşıdakı günlərdə şəhərə növbəti yağıntı dalğasının daxil olacağı gözlənilir. Türkiyənin Meteorologiya Baş İdarəsi cümə axşamı və cümə günləri üçün güclü yağışla bağlı xəbərdarlıq edib.
Meteorologiya Baş İdarəsinin (MGM) yaydığı məlumata görə, yağıntılı hava kütləsi qarşıdakı günlərdə əsasən Mərmərə bölgəsinə daxil olacaq.
MGM-nin hava proqnozuna əsasən, bu gün Türkiyənin cənub, mərkəzi və şərq bölgələrində hava dəyişkən, bəzi yerlərdə isə çox buludlu olacaq.
Qərbi Aralıq dənizi bölgəsinin daxili rayonlarında, Şərqi Aralıq dənizi bölgəsində, Şərqi Anadolunun şimal və qərb hissələrində, Samsun vilayətinin şərqində, Ordu və Şərqi Qara dəniz bölgəsində fasilələrlə leysan və şimşək çaxması ilə müşayiət olunan yağışlar gözlənilir. Digər ərazilərdə isə az buludlu və günəşli hava hökm sürəcək.
Yağıntıların Hatay vilayətinin sahil rayonlarında, həmçinin günorta saatlarından etibarən Artvin, Ərzurum, Qars və Ərdahan ətrafında lokal olaraq güclü olacağı proqnozlaşdırılır. Küləyin isə Mərmərə bölgəsinin cənub-qərbində və Şimali Egey bölgəsində şimal istiqamətindən saatda 40-60 kilometr sürətlə əsəcəyi gözlənilir.
Meteoroloqlar bildirirlər ki, güclü yağışlarla əlaqədar ani sel, daşqın, ildırım, nəqliyyatda fasilələr, lokal dolu yağıntısı vəgüclü külək kimi hadisələrə qarşı vətəndaşlar diqqətli olmalı və zəruri ehtiyat tədbirləri görməlidirlər.