Gürcüstan parlamentarisi Rusiyanın Cənubi Osetiya ilə “müqaviləsini” kəskin pisləyib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ATƏT Parlament Assambleyasının 33-cü illik sessiyasında çıxışı zamanı Rusiyanın işğalçılıq siyasətini kəskin tənqid edib. O, hesabatda Gürcüstan ərazilərinin işğalı məsələsinə yer verildiyi üçün minnətdarlığını bildirib və ölkəsinin son 30 ildir işğaldan əziyyət çəkdiyini vurğulayıb. Samxaradze cari ilin may ayında Rusiya Federasiyası ilə qondarma Cənubi Osetiya arasında imzalanmış "müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi haqqında saziş"i qətiyyətlə pisləyib. 

Komitə sədrinin sözlərinə görə, beynəlxalq hüququn kobud şəkildə pozulması olan bu sənəd Moskvanın işğalı gücləndirmək və Gürcüstanın ayrılmaz tərkib hissəsi olan əraziləri de-fakto ilhaq etmək üçün atdığı növbəti çarəsiz addımdır. O, işğal olunmuş regionların qondarma hakimiyyətləri tərəfindən imzalanan hər hansı bir akt və ya müqavilənin heç bir hüquqi qüvvəyə malik olmadığını və bundan sonra da etibarsız sayılacağını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31