Britaniyada Maşa və Ayı QALMAQALI - Cizgi filmi BUNA görə qadağan edilə bilər
16:03 DünyaBritaniyada məşhur rus cizgi filmi "Maşa və Ayı" ətrafında siyasi mübahisə başlayıb. Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə "The Guardian" qəzeti xəbər yayıb.
Qəzetin məlumatına əsasən, Britaniya parlamentinin 50-dən çox deputatı mədəniyyət naziri Liza Nandiyə açıq məktub göndərərək, cizgi filminin striminq platformalarından çıxarılmasını tələb edib.
Buna səbəb Netflix-in "Maşa və Ayı"nın daha iki mövsümünün yayım hüquqlarını alması və serialın 100-dən çox ölkədə, o cümlədən Britaniyanın ITVX platformasında nümayişini genişləndirmək planıdır.
Məktub müəllifləri bildirirlər ki, cizgi filminin bəzi epizodlarında Rusiya dövlət təbliğatının elementləri yer alır. Xüsusilə, onlar Maşanın tankçı dəbilqəsində və sovet NKVD əməkdaşlarının formasını xatırladan papaqda göründüyü səhnələrə diqqət çəkiblər. Deputatların fikrincə, bu cür obrazlar uşaqlar arasında sovet hərbi simvollarının normallaşdırılmasına xidmət edir.
Məktub Liberal Demokrat Partiyasının deputatı Tom Qordonun təşəbbüsü ilə hazırlanıb. Parlament üzvləri arqumentlərindən biri kimi Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin mövqeyinə də istinad ediblər. Həmin qurum daha əvvəl "Maşa və Ayı" cizgi filmini Rusiyanın "yumşaq güc" alətlərindən biri adlandırmışdı.
Cizgi filmini istehsal edən Animaccord studiyası isə ittihamları rədd edib. Şirkətin nümayəndəsi Melani Bonviçino bildirib ki, studiya heç vaxt Rusiya dövlətindən maliyyə dəstəyi almayıb.