Türkiyənin 23 vilayətində keçirilən əməliyyatlarda 307 nəfər saxlanılıb

Türkiyədə son bir ay ərzində 23 vilayətdə "Kvalifikasiyalı dələduzluq" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (pul yuyulması)" cinayətləri ilə bağlı keçirilən 45 ayrı əməliyyat zamanı 307 şübhəli şəxs saxlanılıb.

Bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Polis Baş İdarəsinin İctimai Asayiş Departamenti məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar nəticəsində saxlanılan şəxslərin bank hesablarında ümumilikdə 5 milyard 388 milyon türk lirəsi məbləğində əməliyyat həcminin olduğu müəyyən edilib.

"Son bir ay ərzində kvalifikasiyalı dələduzluq və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətləri ilə bağlı ümumilikdə 45 ayrı əməliyyat təşkil olunub.

Qanunsuz gəlir əldə etməyə çalışan dələduzluq şəbəkələrinə və cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması ilə məşğul olan bütün qruplaşmalara qarşı mübarizə təhlükəsizlik qüvvələri və aidiyyəti qurumlarla sıx koordinasiya şəraitində qətiyyətlə davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31