"Qızıl pasport" proqramına başlayırlar: vətəndaşlıq üçün 500 min dollar
06:51 DünyaArgentina hökuməti investisiya qarşılığında vətəndaşlıq verilməsi proqramını işə salmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, Argentina hökuməti investisiya qarşılığında vətəndaşlıq proqramını işə salmağı planlaşdırır. Bu addımın ölkəyə dövlət borcunun ödənilməsi üçün əlavə vəsait cəlb etməyə kömək edəcəyi bildirilir.
Əsas şərtlərə görə, namizədlər təxminən 500 min ABŞ dolları məbləğində geri qaytarılmayan ianə etməli və ya təxminən 1 milyon ABŞ dolları dəyərində dövlət istiqrazları almalıdırlar.
Proqramın detalları dəyişə bilsə də, onun artıq bu il istifadəyə verilməsi gözlənilir.
Argentina "qızıl pasport" təklif edən ən böyük ölkələrdən birinə çevriləcək. Argentina pasportu ilə dünyanın təxminən 170 ölkəsinə vizasız səfər etmək mümkün olacaq ki, bu da oxşar proqramlar arasında ən yüksək göstəricilərdən biridir.
Proqramın əsas hədəf auditoriyası kapitalını vergi və siyasi risklərdən qorumaq istəyən ABŞ və Avropa vətəndaşlarıdır.
Proqram Prezident Xavyer Mileyin ölkənin beynəlxalq imicini dəyişmək cəhdləri fonunda işə salınır. Ötən il hökumət vətəndaşlıq alınması qaydalarını da dəyişmişdi ki, bu da məhkəmə iddialarına səbəb olmuşdu. Müxaliflər hesab edirlər ki, vətəndaşlıq haqqında qanunlara dəyişiklik etmək səlahiyyəti yalnız parlamentə məxsusdur.