Tramp yeni təyyarəsini sevdi: ABŞ beləsini hazırlaya bilməzdi
21:03 DünyaABŞ prezidenti Donald Tramp Qətərin hədiyyə etdiyi yeni "Air Force One" təyyarəsini yüksək qiymətləndirərək, Vaşinqtonun belə bir təyyarəni inşa edə bilməyəcəyini bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Tramp Şimali Dakota ştatına yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, prezident təyyarəsinin uyğunlaşdırılması prosesi artıq başa çatıb və o, ilk uçuşu səbirsizliklə gözləyir.
"İlk uçuşu səbirsizliklə gözləyirəm. Bütün işlər artıq başa çatıb. Təyyarə prezident üçün uyğunlaşdırılıb. Bu, təhlükəsizlik sistemlərinin və digər xüsusi avadanlıqların quraşdırılması deməkdir. Hər şey çox mürəkkəbdir, amma nəticə həqiqətən möhtəşəmdir", - deyə Tramp bildirib.
ABŞ prezidenti qeyd edib ki, bu təyyarədən yeni Amerika prezident təyyarələri hazır olana qədər, təxminən iki il istifadə edəcək.
Tramp təyyarənin texniki imkanlarını da yüksək qiymətləndirərək bildirib:
"Düzü, biz belə bir təyyarə hazırlaya bilməzdik. Çünki buna bu qədər pul xərcləməyə hazır olmazdıq. Onlar xərclərə qənaət etməyiblər", - deyə o, Qətər hökumətini nəzərdə tutaraq vurğulayıb.
CNN xatırladır ki, Tramp bu ayın əvvəlində yeni təyyarəni Endryus aviabazasında təqdim edərək onu "dünyanın ən dəbdəbəli təyyarəsi" adlandırıb.
Hazırda Boeing şirkəti üç "Boeing 747-800" təyyarəsini prezident üçün nəzərdə tutulmuş "VC-25B" modifikasiyasına uyğunlaşdırır. Onlardan biri Qətərin ABŞ-a hədiyyə etdiyi təyyarədir və yeni prezident təyyarələri tam hazır olana qədər keçid dövründə istifadə ediləcək. İşlərin təxminən iki ildən sonra başa çatacağı gözlənilir.