ABŞ mediası: Rusiya ordusuna yeni qoşulanların çoxu cəbhədə cəmi 20-35 dəqiqə sağ qalır

Rusiya ordusunda müqavilə əsasında xidmətə yeni qəbul olunan hərbçilərin Ukrayna cəbhəsində döyüşə girdikdən sonra orta hesabla cəmi 20-35 dəqiqə sağ qaldığı iddia edilir.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın New York Post nəşri tarixçi Piter Frankopanın Foreign Policy jurnalında dərc olunan məqaləsinə və Rusiya hərbi bloqerlərinin məlumatlarına istinadən yazıb.

Məlumata görə, Rusiyada müqavilə imzalayan hərbçilərin əhəmiyyətli hissəsi cəbhəyə göndərildikdən qısa müddət sonra həlak olur. Mənbələr iddia edir ki, müqavilənin imzalanması ilə ölüm arasında orta müddət təxminən 10 gündən 3 həftəyədək dəyişir.

Nəşrin yazdığına görə, bu ağır itkilərin əsas səbəblərindən biri müasir döyüş meydanında pilotsuz uçuş aparatlarının geniş tətbiqidir. Xüsusilə FPV tipli zərbə dronlarının istifadəsi ön xətdə itkilərin kəskin artmasına səbəb olur.

Məqalədə bildirilir ki, artan canlı qüvvə itkisini kompensasiya etmək üçün Rusiya hakimiyyəti müqavilə əsasında hərbi xidmətə cəlb olunan şəxslərə verilən birdəfəlik ödənişləri, maaşları və sosial güzəştləri son dövrdə dəfələrlə artırıb.

Qeyd edək ki, bu məlumatlar New York Post tərəfindən tarixçi Piter Frankopanın təhlilinə və Rusiya hərbi bloqerlərinin paylaşdıqları məlumatlara istinadən təqdim olunur. Rusiya Müdafiə Nazirliyi isə bu iddialarla bağlı rəsmi açıqlama verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31