Tata Xvedeliani: "Parlamentdə deputatlara hücum edənlər mütləq cəzalandırılacaq" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Qaxariya Gürcüstan naminə" partiyasının deputatı Tata Xvedeliani, iyunun 26-da parlament zalında baş vermiş insidentlə bağlı bəyanat yayıb. Deputat, baş nazirin və daxili işlər naziri də daxil olmaqla bütün hökumətin gözü qarşısında millət vəkillərinə qarşı əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş hücum barədə istintaqın dərhal başlamalı olduğunu, lakin hadisədən 3 gün keçməsinə baxmayaraq heç bir hüquqi addım atılmadığını bildirib. 

Xvedeliani, sıravi vətəndaşların, o cümlədən çoxuşaqlı anaların və sənətçilərin kiçik xətalara görə həbs edildiyi bir vaxtda, bu cinayəti törədənlərin cəzasız qala bilməyəcəyini vurğulayıb. O, sadəcə üzrxahlıqla bu məsələnin bağlanmayacağını və hadisədə əli olan hər bir şəxsin, xüsusilə deputat Arçil Qorduladzenin qanun qarşısında mütləq cavab verəcəyini qeyd edib. 

Qeyd edək ki, parlament zalındakı qarşıdurma "Qaxariya Gürcüstan naminə" və hakim "Gürcü Arzusu" partiyasının deputatları arasında baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31