Girovları qaçıran rəhbər şəxslərdən biri zərərsizləşdirildi – İsrail kəşfiyyatı rəsmən açıqladı

İsrail Müdafiə Ordusu  və ölkənin Ümumi Təhlükəsizlik Xidməti  Qəzza sektorunun şimalında birgə həyata keçirdikləri yüksək dəqiqlikli xüsusi hərbi əməliyyat nəticəsində "İslam Cihadı" qruplaşmasının aparıcı üzvlərindən birini zərərsizləşdirib.

Musavat.com xəbər verir ki, İsrail güc strukturlarının yaydığı birgə rəsmi bəyanata əsasən, havadan endirilən nöqtə zərbəsi nəticəsində 7 oktyabr 2023-cü ildə İsrailin cənub bölgələrinə təşkil edilən kütləvi hücumun fəal iştirakçısı olmuş Zahar Brahim Xalil Abu Salem tamamilə məhv edilib. Rəsmi məlumatlarda bildirilir ki, Abu Salem 7 oktyabr qətliamı zamanı İsrail torpaqlarına qanunsuz daxil olaraq mülki şəxslərin öz evlərindən vəhşicəsinə qaçırılması prosesini şəxsən idarə edib. O, həmçinin girov götürülmüş silahsız İsrail vətəndaşlarının Qəzza daxilində gizli şəkildə əsirlikdə saxlanılmasında və onlara nəzarət olunmasında bilavasitə iştirak edib.

İsrail hərbi rəhbərliyi bəyan edib ki, 7 oktyabr hadisələrində əli olan, mülki insanlara qarşı cinayət törədən hər bir qrup üzvünün və terrorçunun tapılaraq cəzalandırılması istiqamətində əməliyyatlar planlı şəkildə davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31