Medvedçuk: Zelenskinin hakimiyyəti dövründə Ukraynadakı ABŞ biolaboratoriyalarında insanlar üzərində təcrübələr aparılıb- ÖZƏL

Ukraynada fəaliyyəti qadağan edilmiş "Həyat naminə Müxalifət Platforması" Partiyasının keçmiş lideri, hazırda "Başqa Ukrayna" hərəkatının rəhbəri olan Viktor Medvedçuk iddia edib ki, Volodimir Zelenskinin hakimiyyəti dövründə Ukrayna ərazisində fəaliyyət göstərən ABŞ biolaboratoriyalarında insanlar üzərində təcrübələr aparılıb.
Olaylar.az xəbər verir ki, Medvedçukun "Başqa Ukrayna" hərəkatının saytında dərc olunan məqaləsində bildirilir ki, 2019-cu ildən etibarən insanlar üzərində eksperimentlərə başlanılıb. Onun sözlərinə görə, proqram çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin 4 mindən çox hərbçisi üzərində tədqiqat aparılıb.
Keçmiş siyasətçi iddia edir ki, hemorragik qızdırma və qan zərdabından istifadə ilə bağlı təcrübələr zamanı sınaq iştirakçılarının ölümünə yol verilməsi ehtimalı nəzərdə tutulub. O, həmçinin araşdırmalar zamanı viruslara həssaslığın etnik mənsubiyyət və doğulduğu yerə görə öyrənildiyini, əldə olunan materialların isə ABŞ-yə göndərildiyini bildirib.
Medvedçukun səsləndirdiyi bu iddialarla bağlı məqalədə müstəqil sübut təqdim olunmur və rəsmi qurumlar tərəfindən təsdiqlənmiş məlumat yer almır. ABŞ və Ukrayna tərəfi daha əvvəl də oxşar ittihamları dəfələrlə təkzib edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31